Azərbaycan diliRussian

Nevrozlar

Nevrozlar – dövrümüzün bəlası olan bu hal, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində yaranan sinir sisteminin funksional pozğunluğudur. Nevroz sinir sistemində yaranan həddən artıq gərginlik və onu zədələyən psixi təsirlər nəticəsində əmələ gəlir.
Problemlər, gərgin fiziki və zehni iş rejimi sinir sisteminə psixotravmatik təsir göstərir və müəyyən bir  müddət ərzində davam edən xroniki stresslərin nəticəsində nevrozların yaranmasına səbəb olur. Bu zaman  müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu tapa bilmir. Qadınlar nevroza daha çox meylli olurlar  və  kişilərə nisbətən, bu hal qadınlar arasında daha çox yayılıb.

nevrozlar

Nevrozun əsas əlamətləri aşağıdakılardır:

  • Əmək fəaliyyətinin aşağı düşməsi, yorğunluq, həyat aktivliyinin zəifləməsi;
  • Halsızlıq, həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq;
  • Əhval-ruhiyyənin tez-tez dəyişməsi, daim təşviş içində olmaq;
  • Fobiyaların  yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrine minməkdən qorxur);
  • Yuxu ritminin pozulması, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra   həqiqətən dincəlmək  hissiyyatının olmaması;
  • İştahanın pozulması,vegetativ dəyişikliklər(başgicəllənmə,tərləmə,güclü ürək döyüntüsü);
  • Tez-tez baş verən küt və ya pulsasiya şəkilli baş ağrıları, ürək ağrısı, qarın nahiyyəsində kəskin ağrı, boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tərləmə  hallari;
  • Patoloji səliqəlilik, beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq da mümkündür);
  • Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar, iştahanın pis və ya əksinə həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissiyyatı, cinsi pozğunluqlar və s.

Nevrozların üç əsas forması mövcuddur :

  • Nevrasteniya
  • Isteriya
  • Sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu)

Nevrasteniya

Nevrozların ən geniş yayılmış forması olan nevrasteniya yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv sindrom və zəifliklə xarakterizə olunur. Nevrasteniyaya düçar olmuş insanlar ümumi yorğunluqdan, iş qabiliyyətinin azalmasından, güclü baş ağrılarından, zəiflikdən və yuxu pozğunluğundan əziyyət çəkirlər, əhval ruhiyyələri tez tez  dəyişir, ən cüzi səbəb nəticəsində affektiv partlayış reaksiyaları müşahidə edilir.
Bəzən insanin yaddaşı zəifləyir, tez-tez başı gicəllənir, əzələləri keyləşir, fikrini cəmləyə bilmir.
Nevroloji müayinə zamanı xəstədə heç bir üzvi pozğunluq aşkarlanmadığı halda, reflekslərin yüksəlməsi, əl barmaqlarının titrəməsi kimi bir sıra funksional pozulma əlamətləri ayırd edilir. Vegetativ əlamətlərdən təngənəfəsliyi,ürəkdöyünməni,ürək nahiyyəsində küt (bəzən əksinə sancan) ağrıları, ətrafların keyləşməsini göstərmək olar.Bəzi xəstələrdə həzm sisteminə aid pozuntular,məsələn,mədə və bağırsaqlarda xoşagəlməz hisslərin duyulması,iştahanın pozulması,qəbizlik (və ya tez-tez defekasiya aktı), mədə qıcıqları, gəyirmə hallari, elece de taxikardiya, bradikardiya, qan təzyiqinin dəyişməsi, tərləmə, akrosianoz, qusma və s. əlamətlər təzahür edir. Göstərilən əlamətlər daimi xarakter daşımır, xəstənin əsəbiləşməsi, emosional gərginliyin güclənməsi ilə əlaqədar meydana çıxır. Göstərilən əlamətlərin hamısı eyni vaxtda rast gəlinmir, onlar ara-sıra bir-birini əvəz edir.
Nevrasteniyadan əziyyət çəkən xəstələrin başlıca xüsusiyyətlərindən biri də onların son dərəcə öz xəstləiklərini “şişirtmələridir”. Belə ki, nevrastenik özünü həmişə ağır xəstə kimi qələmə verir, müxtəlif həkimlərə müraciət edir, bütün müayinələrdən keçməyə cəhd göstərirlər. Lazımı ixtisaslı yardım almayan belə xəstələr tez ruhdan düşür, pessimizmə qapılır, beləliklə də xəstəliyin sağalması deyil, dərinləşməsinə şərait yaradırlar.
Nevrasteniya zamanı tez-tez təsadüf edilən əlamətlərdən biri də seksual pozuntulardır. Bu kimi əlamətlər son illərdə xüsusən cavanlar arasında geniş yayılmaqdadır. Nevrasteniyanı yaradan səbəbdən asılı olaraq bu hal bəzən tez keçib gedir, bəzi  hallarda isə illərlə davam edir.

İsteriya

Isteriya - başlıca xüsusiyyəti hərəkət və hissiyyat (emosiya) sferasına aid funksional pozuntuların olması, xəstənin asanlıqla təlqinə və özünü təlqinə məruz qalmasıdır. İsteriyaya düçar olmuş insan həmişə başqalarının diqqətini özünə cəlb etməyə çalışır. Belə adamlar tez mütəəssir olur, əhvalları dəyişir, bəzən bir hadisəni nəql edərkən onu həddindən artıq şişirdirlər.
Diqqəti cəlb edən cəhətlərdən biri də onların öz xəstəliklərinə “xüsusi” münasibət bəsləmələridir. Bir tərəfdən vəziyyətinin daim pis olmasından şikayətlənir və ağır xəstə olduğunu düşünüb həkimə müraciət edir, digər tərəfdən isə xəstəlik halından çıxmaq istəmir, sanki bu hərəkətlər ona zövq verir.
İsteriya nevrozu  adətən, isteroid xasiyyətli şəxslərdə İ.P.Pavlovun müəyyən etdiyi kimi II siqnal sistemi zəif,  bədii tipə mənsub olan adamlarda təsadüf edilir.

İsterik nevrozun əsas kliniki əlamətləri:

1) İsterik cəngolmalar;
2) Vegetativ və hərəki funksiyaların isterik pozuntuları;

İsterik cəngolmalar ən müxtəlif formalarda , xəstənin yaşadığı ictimai mühitin başlıca xüsusiyyətlərini əks etdirməklə cərəyan edir.
İsterik cəngolmalar zamanı xəstənin əl və ayaqlarında əsmələr olur. Belə əsmələr, adətən, kəskin psixotravmatik hadisələr zamanı meydana çıxır. xəstənin arzu və istəyini (şıltaqlığını) əks etdirən məzmunda olur, əslində nümayiş xarakteri daşıyır.
Epileptik cəngolmalardan fərqli olaraq bu tutmalar daha mülayim,aurasız və xəstənin düşüncəsi tam pozulmadan baş verir.Belə tutma zamanı xəstə ehtiyatla, astaca, özü də münasib yerə (çəmənliyə, yatacağın, xalçanın üstünə və s.) yıxılır. Tutma 30-40 dəq. və daha çox davam edə bilər.
Bu zaman bəbəklərin işığa reaksiyası saxlanılır, xəstə dil və dodaqlarını, adətən, zədələmir.
Müxtəlif dərmanlardan və təlqin vasitələrindən istifadə etməklə tutmalari dayandırmaq mümkündür.
Vegetativ və hərəki funksiyaların isterik pozuntuları, adətən, tutmadan sonra meydana çıxır. Tez-tez rast gəlinən əlamətlərdən isterik stuporu, hiperkinezləri, xəstənin öz müvazinətini və yerişini itirməsini, astaziya-abaziyanı (ayaqları üstə durmanın və yerimə qabiliyyətinin pozulması),əzələ kontrakturasını (boyun əyilməsi,çiyin əzələlərinin hərəkətsizliyi və s) göstərmək olar.Xəstəliyin klinikasında çox vaxt tutmalarla əlaqədar meydana çıxan nitq pozuntuları da rast gəlinir.Bu kimi hallardan mutizmi (lallıq), kəkələməni,afoniyanı (səsin kallaşmasını) göstərmək olar. Maraqlıdır ki, xəstə öskürərkən və ya asqırarkən afoniya hiss olunmur, bu ancaq danışarkən baş verir.

Xəstələrdə dəri hissiyatının pozulması da tez-tez rast gəlinir. Məsələn qolun başqa nahiyyələrində hissiyyat saxlandığı halda əlcək formasında (biləkdən bir qədər yuxarıyadək) bir sahənin hissiyatı itir və ya corabın örtdüyü sahə keyləşir .
Bəzən görmə qabiliyyəti müvəqqəti pozulur. Belə pozuntu görmənin zəifləməsindən tam korluğa qədər ola bilər. Eyni cür pozuntu eşitmə,qoxu və dadbilmə qabiliyyətinə də aid ola bilər. Vegetativ pozuntuların geniş yayılmış formalarından biri boğazda “isterik yumağın” qəhər hissinin əmələ gəlməsidir.
Bu zaman xəstə danışıq və tənəffüs qabiliyyətinin çətinləşməsindən,boğazda ona mane olan yumağabənzər bir hissiyatin olmasından şikayət edir.
Həyəcan keçirərkən bu hiss daha da güclənir,digər əlamətlərin (boğulma, təngənəfəslik, yeməkdən imtina etmək, stenokardik ağrılar) ona qoşulması ilə xəstənin halı xeyli ağırlaşır.

Sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu)

Nevrozların bu forması insanda təşviş yaradan sayrışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sayrışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.
Sayrışan hallar nevrozunun  (obsessiv-kompulsiv pozuntu) əsas əlaməti beyindən çıxmayan yorucu fikirlərdir.

Sayrışan hallar nevrozunun üç  forması mövcuddur:

1) sayrışan fikirlər(obsessiyalar)
2) sayrışan qorxu
3) sayrışan hərəkətlər (komplulsiyalar)

Sayrışan fikrə qapıldıqda xəstə hər hansı bir mənasız fikir, yaxud sözü yadından çıxara bilmir, onu dəfələrlə təkrar edir.
Sayrışan qorxu halında insanin başına cürbəcür fikirlər gəlir. İlk növbədə insan  ağır xəstəliyə tutulmasından qorxur. Xəstəni tez-tez ölüm qorxusu bürüyür. Bütün bunların əsassız olduğunu dərk etməsinə baxmayaraq, vəziyyətdən çıxa bilmir. Sayrışan hərəkətlər formasında xəstə yersiz bir hərəkəti dəfələrlə təkrar edir.
Əslində isə sarışan fikirlər psixoloji diskomfort yaradır, bu fikirlərdən xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır.

Obsessiv-kompulsiv pozuntular çox müxtəlif ola bilər. Ən çox rast gəlinən obsessiyalar aşağıdakılardır :

  • Təmizlik və şəxsi gigiyena ilə bağlı fikirlər, müəyyən ardıcıllıq gözləməklə əllərin dəfələrlə yuyulması;
  • Hər hansı hərəkətin düzgün edilməməsi haqqında fikirlər (məsələn, qapını bağlamamaq, qazı söndürməyi unutmaq və s.) edilmiş hərəkətlərin təkrar-təkrar yoxlanılması;
  • Ətrafdakılara qarşı aqressiv hərəkətlər etməyin mümkünlüyü  barədə fikirlər (məsələn bıçaq gördükdə özündən asılı olmadan  onunla kimisə vura bilmək qorxusu;
  • Ehtiyat etdiyi situasiyaya düşməmək üçün ritual formasinda müəyyən sözlərin (ürəyində və ya ucadan) təkrarlanması.
  • Cinsi məsələlərlə bağlı sarışan fikirlər (məsələn, homoseksualist olmaq qorxusu) və s.
  • İnsanda tez-tez təkrarlanan hərəkətlər (məsələn, əlləri yumaq, nəyi isə yoxlamaq) və ya zehni proseslər (“ürəyində” saymaq, sözləri  təkrarlamaq və s.);

Sarışan hərəkətlər insana müvəqqəti yüngüllük gətirsə də, bir müddətdən sonra müvafiq situasiyada ritualları təkrar etməyə psixoloji tələbat yaranır.
Şəxs öz hərəkətlərinin mənasız olduğunu dərk edir, lakin bununla hec cur mübarize apara bilmir. Bu fikir və təsəvvürlər insanda təşviş və psixoloji  diskomfort yaradır.

Digər nevrotik hallar:

Ümumiyyətlə nevrozun (və ya nevrozabənzər sindromun) müstəqil xəstəlik kimi təzahür edən daha bir neçə  növləri var. Nevrozun növləri aşağıdakılardır:

İnoxondrik nevroz

Ipoxondriya dedikdə ayrı-ayrı orqanlarının fəaliyyətinə həddindən artıq diqqət yetirmək , xəstələnməkdən qorxmaq və ya “ağır xəstəliyə tutulmaq qorxusu” başa düşülür. Belə adamlar heç bir əsas olmadan ağır xəstəliyə tutulduqlarını söyləyir, yardım üçün həkimlərə müraciət edir,bütün müayinələrdən keçməyə çalışırlar . Xəstələrin şikayətləri bəzən o qədər inandırıcı və əsaslandırılmış görünür ki, hətta təcrübəli həkimlər belə səhv diaqnoz qoyur ,uzun müddət xəstəni müalicəyə cəlb edirlər.
İnoxondrik şikayətlərə, adətən, nevrozun digər əlamətləri ilə birlikdə rast gəlinir və müayinə zamanı nevrozu törədən psixogen amili aşkar etmək mümkün olur. İnoxondriya nevrozu vaxtında və düzgün müalicə olunmazsa xronik formaya keçir və xəstə illərlə hekimlərə müraciət edir.

Depressiv nevroz

Bu nevrozu xarakterizə edən başlıca cəhət nevrotik məzmunlu,yəni əsasını psixi travmalar təşkil edən və psixi müayinə zamanı asanlıqla aşkar edilən  depressiyanın olmasıdır.
Depressiv nevrozun başlanğıc mərhələsi və gedişini bir sıra xüsusiyyətləri ilə diqqəti cəlb edir. Xəstəliyin başlanğıcında distonik xarakterli vegetativ pozuntular, bir qədər sonra isə əhvalın enməsi,həyəcan və yuxu pozuntuları qeyd olunur. Gecələr narahat yatan şəxs yuxudan durarkən özünü əzgin və zəif hiss edir. Depressiv nevrozun yaranmasına digər amillərdə səbəb ola bilər.

Klimakterik nevroz

Klimaks dövründə qadınlarda yaranan nevroz halidir ki, buda  müxtəlif simptomlarla müşahidə olunur.
Bu simptomlar üç qrupa bölünür.
Birinci qrupa neyroveqetativ dəyişikliklər aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir, dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur.
İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu vaxt qadında kökəlməyə meyl artır. Eyni zamanda, qalxanvari vəzilərin funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur.
Üçüncü qrupa isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik, yaddaşın zəifləməsi halları əmələ gəlir, eyni zamanda, qadında qorxu hissləri əmələ gəlir, güclü ürəkdöyünmə olur və o tez-tez hirslənir.
Nevrozlarin müalicəsində düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi cox vacibdir belə ki, doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına “kömək” edir.
Bu hallarin aradan qaldirmasinda və nevrozlarin effektiv müalicəsində xəstələrin həkimə vaxtında müraciət etmələri mühüm rol oynayır.
Nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur.
Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və  yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, nevroz fonunda onda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər də  inkişaf edə bilər.
Bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər də baş verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.
Hal-hazırda nevrozların müaliçəsində psixoterapiya ən səmərəli üsul sayılır.

Ümidinizi Rəhimli və Mərhəmətli ALLAH-dan üzməyin!

Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.


Nevrozlardan əziyyət cəkirsinizsə bizim mərkəzə müraciət edə bilərsiniz.

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2019 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.