Azərbaycan diliRussian

Talassemiyalı şəxslərin psixoloji xüsusiyyətlərinin müalicə-profilaktika işində əhəmiyyəti

 

Bu gün dünyada əhalinin psixi sağlamlığı vacib əhəmiyyət kəsb  edir və getdikcə aktuallaşır.  Hətta Ümumdünya Səhiyyə Təşkilatı  belə bir  şüar irəli sürüb: “Psixi  sağlamlığı olmayan insan heç vaxt fiziki cəhətdən sağlam ola bilməz”. Məhz psixi sağlamlıq durumunda  insan öz daxili potensialını, aktivliyini həyata keçirə bilər. İstər ailədə, istər iş yerində, istərsədə məktəbdə və ya dostları arasında insanın mənəvi, psixi vəziyyəti qorunmalıdır. İnsanın psixoloji inkişafı, ətrafdakılarla münasibətdə psixoloji durumu, emosional vəziyyəti, əhval ruhiyyəsi, intelektual potensialı hamısı psixi sağlamlıq deməkdir.

Bu gün bizim respublikamızda talassemiya kimi irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlarımızın da psixoloji  yardıma ehtiyacları vardır. Bu uşaqlarda əsasən özünə qapanmağa meyllilik, bu xəstəlikdən irəli gələn psixoloji komplekslər, özunəgüvənsizlik, doğmaları və ətrafdakı insanlarla münasibətlərində gərginlik, psixoemosional yüklənmələr müşahidə olunur.

"Talassemiya "xəstəliyinin konkret bir müalicəsi olmadığı üçün bu xəstələrin, həyatlarını davam etdirə bilmələri və həyat keyfiyyətlərini artıra bilmələri üçün ömür boyu müalicəyə ehtiyacları vardır. Bir ömürboyu qanköçürmə, şelasyon müalicələrini tətbiq etmək məcburiyyətində olmaq, bu uşaqların  daima psixotravmatik yaşantılar keçirməsinə və bütövlükdə münasibətlər sisteminin pozulmasına səbəb olur.

Belə bir müalicəyə ömürboyu dözmək, sonradan ortaya çıxan digər fiziki rahatsızlıqlara müqavimət göstərib onlarla bacarmaq, yaşıdları ilə arasında olan fərqlilikləri qəbul edə bilmək və cəmiyyətə özünü qəbul etdirmək, təhsil və mənəvi həyatında qarşısına qoyulan böyük maneələrlə mübarizə etmək, sağlam fərdlərlə dostluq qura bilmək, qarşı cinslə əlaqə yaratmaq və bu qayğılarla yaşamaq çox çətindir. Bu baxımdan talassemiya xəstəliyi yalnız tibbi deyil,eyni zamanda sosial-psixoloji bir problemdir.

Bu gun psixoloqiya elminin və psixosomatik konsepsiyanin müasir inkişaf mərhələsində talassemiya xəstəliyindən əziyyət cəkən insanların psixoloji xüsusiyyətlərinin öyrənilməsinin və onlarla aparılan psixoloji işin çox böyük əhəmiyyət kəsb etdiyini müşahidə edirik.

Belə ki xəstəliyin yaratdığı sosial – psixoloji vəziyyət şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərinin formalaşmasında öz təsirini göstərir və şəxsiyyətlərarası münasibətlərinin xarakterini səciyyələndirir. Bu isə öz növbəsində şəxsiyyətin davranışında bir sıra psixoloji dəyişikliklərin baş verməsinə gətirib çıxarır. Ona göre də bu gün talassemiyalı uşaqların psixoloji reabiltasiyası və psixokorreksiyasi bu uşaqlarin müalicesinin çox zəruri bir hissəsidir.

 

Talassemiya xəstəliyindən əziyyət cəkən insanlarda emosional labillik halları çox müşahidə olunur . Uzun sürən depressiya vəziyyəti və tez tez yaşanan stress halları xəstələrin əmək qabiliyyətini zəiflədir, həyata, insanlara qarşı bədbin, küskün, bəzəndə fərdi psixi xüsusiyyətlərindən asılı olaraq neqativ münasibət formalaşdırır. Xəstəliyin yaratdığı daimi gərginlik halı, orqanizmə təsir edərək bu uşaqların harmonik və hərtərəfli inkişafını ləngidir. Bu vəziyyəti nəzərə alaraq bu uşaqlarla psixoloji korreksiya işinin aparılması, onların psixoloji xüsusiyyətlərinin öyrənilməsi talassemiya xəstəliyinin müalicə və profilaktikasında çox böyük əhəmiyyət kəsb edir və bu məsələnin aktuallığını göstərir. Vaxtında gösterilmiş psixoloji dəstək bu uşaqlarin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

 

Bu şəxslərin ictimai və iş həyatına uyğunlaşmaları üçün uşaq yaşlarından başlayaraq səy göstərilməsi və doğru yolun izlənilməsi üçün psixoloji dəstək həm ailə həmdə bu uşaqların özləri üçün lazımdır. Vaxtında göstərilmiş psixolojı dəstək bu uşaqların təlim-tərbiyə prosesində, ailə-məişət münasibətlərinin formalaşmasında və əmək fəaliyyətinin məqsədyönlü təşkilində mühüm əhəmiyyət kesb edir.

Qeyd etməliyik ki ,bu şəxslərlə aparılan psixokorreksiya işinin təşkilində psixikanın yaş xüsusiyyətləri və qanunauyğunluqları, xəstəliyin ağırlıq dərəcəsi və gedişatı, eləcə də  yaşadıqları sosial şerait və mikrososial mühitdə nəzərə alınmalıdır. Bu şəxslərin bəziləri öz vəziyyətlərini adekvat qiymətləndirir, müalicə rejiminə ciddi riayet edərək xəstəliyə qalib gəlməyə calışırlar. Ancaq ümumilikdə bu şəxslərdə emosional labillik əsəbilik, ruh düşkünlüyü, xəstəliyə qapılma və s.hallarda da çox müşahidə olunur.Bu vəziyyətdə bəzi hallarda  şəxsiyyətin sosial dezadaptasiya halının yaranmasına gətirir.

 Ümumilikdə onları xəstəlikləri haqqında yaranacaq mənfi təəsürat hədsiz qaygılandırır və çox vaxt bu şəxslər düçar olduqları xəstəlikdən ya utanır,ya da bu vəziyyətindən istifade etməyə calışırlar.

Hal-hazırda bizim respublikamizda talassemiya xəstəliyindən əziyyət cəkən insanlara həm tibbi həmdə  psixoloji dəstək göstərilir.

Psixoloji dəstəyin təşkili psixoloji konsultasiyalar şəklində həyata keçirilir.

İlkin olaraq psixodiaqnostika aparılır, uşagın fərdi-psixi xüsusiyyətləri müəyyən edilir və sinir sisteminin tipini, eləcədə davranış tendensiyalarını müəyyənləşdirərək sonradan bu xüsusiyyətləri nəzərə alaraq individual formada psixoterapiya metodu seçilərək tətbiq olunur.

Burada əvvəlcə ilkin konsultasiyada pasiyentin  davranış tendensiyalarının qiymətləndirilməsi: aqressiya, passivlik, direktivlik, tabelik, qorxu, emosionallıq, ünsiyyətlilik, asılılıq, nümayişkarənəlik, dezadaptasiya dərəcəsi, reallıqdan  uzaqlaşma meyli, eləcə də, digər adamlara düzgün və dəqiq qiymətvermə, ünsiyyət zamanı adekvat özünuqiymətləndirmə, sadə və mürəkkəb situasiyaları ayırd etmə bacarığı, özünənəzarət, ünsiyyət zamanı səbrlilik, insanlara qarşı maraq, həssaslıq, başqalarının xətrinə dəyməyərək ünsiyyətin düzgün xəttini tapmaq qabiliyyəti, və s. kimi xüsusiyyətlərin müəyyənləşdiliməsi cox vacibdir.

Psixoloji konsultasiyaların məqsədi və nəticə olaraq - iş, təlim proseslerində və gündəlik həyatda çətinliklər hiss edən uşaqlara psixoloji yardım etmək, eləcədə bəzi qaçılmaz sosial məhdudiyyətlərə baxmayaraq onların daha məhsuldar həyat sürməsi, həyatlarından razı qalması, onlarda həyatın yeni hadisələri və tələbləri ilə toqquşması zamanı çətinliklərin qarşısının alınması vərdişlərinin inkişafı, şəxsiyyətin potensialının realizəsini və artımını dəstəkləməkdir.

 

Ümidinizi Rəhimli və Mərhəmətli ALLAH-dan üzməyin!

Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.

 

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2024 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.