Azərbaycan diliRussian

Blog

“Məqsədimiz autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaqdır”


Almara Məlikova:
 
“Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi, bəzi problemləri erkən fərq edə bilmələri çox əhəmiyyətlidir”

Uşaqların fiziki və mənəvi baxımdan sağlam olması vacib şərtdir. Təəssüf ki, bütün uşaqlar həyatda tam sağlam ola bilmir. Bəzi uşaqlar anadangəlmə, bəziləri də sonradan qazanılan xəstəliklərdən əziyyət çəkirlər. Bu baxımdan son zamanlar uşaqlarda yaşanan psixoloji problem- autizmi misal çəkmək olar. "AUTIZM VƏ INKIŞAF MƏRKƏZI"nin direktoru Almara Məlikova qəzetimizə müsahibəsində bu haqda ətraflı məlumat verib.


- "AUTIZM VƏ INKIŞAF MƏRKƏZI"nin yaradılmasında məqsəd nədir?
- Autizm XXI əsrin ən aktual psixoloji problemidir və autizm sindromlu uşaqlar dünyada olduğu kimi ölkəmizdə də çoxluq təşkil edir. "Autizm və inkişaf mərkəzi"ni (autizm.com.az) də yartmaqda əsas məqsədimiz ölkəmizdə autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onların aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.
Eləcə də, bizim əsas məqsədimiz autizmdən əziyyət çəkən uşaqlarla lazım olan psixokorreksiya işlərinin təşkili və aparılması, onların ailələrinə lazım olan professional psixoloji yardımın göstərilməsi, onlarda yaranmış komplekslərin və problemlərin korreksiyası istiqamətində tədbirləri təşkil etməkdir .
- Bilmək istərdik ki, AUTIZM nədir?
- Autizm, erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünəqapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır. Belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. 
- Uşaqda autizm nədən yarana bilər? 
- Müasir tədqiqatçılar autizmi əsasən əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər. Bu isə bir sıra səbəblərlə əlaqədar ola bilər:
Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs, qızılca, məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.
Autizmin spektr pozuntuları: autizm, asperger sindromu, rett sindromu, uşaqlıq dezinteqrativ pozuntusu, atipik autizmdir.
- Bəs, uşaqlarda autizmin əlamətləri necə təzahür edir?
- Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir, amma əsas simptomları ümumi xarakter daşıyır: sosial münasibətlərdə pozğunluq, nitq və ünsiyyətdə pozğunluq, təxəyyüldə pozğunluq.
Autizmli uşaqlar başqalarına qarşı maraqsız olur, göz təmasından qaçır, başqaları ilə ünsiyyət qurmur, istəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir, digər uşaqlarla oynamır, uzun müddət ərzində eyni mövzu üzərində danışır, səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır. Autizmli uşaqların digər xüsusiyyətləri odur ki, predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir, yaradıcılıq tələb edən oyunları oynaya bilmir, hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir, hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur, davamlı olaraq eyni oyunları oynayır, ağrıya qarşı laqeyddir, səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir. 
Belə uşaqlar tək qalmağı xoşlayır, təmasdan və qucağa alınmaqdan xoşu gəlmir, ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır, həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.
- Mərkəzdə autizm sindromundan əziyyət çəkən uşaqlara nə kimi kömək edilir?
- Valideynlər uşaqlarında qeyd etdiyim bu xüsusiyyətlərin bir necəsini müşahidə edərsə, vaxt keçirmədən bir psixoloqa müraciət etməlidir. Çünki ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi, bəzi problemləri erkən fərq edə bilmələri çox əhəmiyyətlidir. Onu da qeyd edək ki, körpədə autizmin olmasını hamiləlik dövründə müəyyən etmək mümkün deyil. Autizmin diaqnozu uşaq psixoloqları tərəfindən də qoyula bilər. Öncə uşağın inkişaf pillələrini, oyun şəkillərini, yaşıd əlaqəsini, maraq sahələrini, şifahi və emosional ünsiyyətini müayinə etməli, valideynləri ilə müsahibə apararaq, uşağın inkişafında əsas diqqəti çəkən problemləri öyrənmək, doğuş və sonrakı dövrləri uşağın özünəməxsus xüsusiyyətləri haqqında hərtərəfli informasiya almaq, daha sonra lazım olan bütün testlər edilməlidir.
Autistik uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki, onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə, bəziləri isə geriləyə bilər. Autistik uşaqların zəkalarına gəldikdə onların bəziləri çox üstün riyaziyyat bacarıqları və əzbərləmək kimi xüsusi qabiliyyətlərə sahib ola bilər.
Bizim mərkəzdə autizm sindromundan əziyyət çəkən uşaqların müalicə və reabilitasiyası məqsədi ilə bu gün dünyada özünü doğrultmuş müasir reabilitasiya metodlarından istifadə edilir.
Biz autizmli uşaqların reabilitasiyasında psixoloji və biheviorial müalicə üsullarından, ABA-terapiya, loqopedik məşğələlər, fərdi psixo-korrektiv metodlardan istifadə edərək duyusal bütünləmə və idman məşğələləri vasitəsi ilə aparılan təlimləri tətbiq edirik. 
Eyni zamanda, mərkəzdə enurez və enkoprez hallarının korreksiyası, stress və distress hallarının aradan qaldırılması, panik atak və kəkələmə hallarının korreksiyası, psixoloji narahatlıq, təşviş, həyəcan, gərginlik hallarının aradan qaldırılması, müxtəlif tipli fobiyalar, qorxu, yuxu pozuntularının korreksiyası, art-terapiya, fizioterapiya, NTP və s. yardımlar edilir. Mərkəzdə bütün psixoloji problemlərlə üzləşən uşaqlara, gənclərə, yeniyetmələrə yerli və eləcə də Türkiyədən dəvət olunmuş peşəkar psixoloqlar, psixoterapevtlər, pedaqoqlar, loqopedlər və sosial işlər üzrə mütəxəssislər tərəfindən yüksək səviyyədə xidmətlər göstərilir.
- Valideynlərə nə tövsiyə edərdiniz?
- Autizmli uşaq, hər bir digər uşaq kimi, şəxsiyyətdir, buna görə də ümumi tövsiyələr istifadə edərkən, uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır və uşaqla işləyən zaman onları nəzərə almaq lazımdır. Autizmli uşaqlar böyüyərkən uşaqlıqlarında aludə olduqları sahə üzrə işləyə bilərlər. Məsələn, rəqəmlər ilə maraqlanan uşaq, gələcəkdə mühasib və ya vergi müfəttişi ola bilər. Uşağın adət etdiyi qaydalara riayət etməyə çalışın. Hər gün məşğul olmaq lazımdır, bu çox çətindir, lakin ancaq gündəlik məşğələlər nəticəyə gətirə bilər. 5 dəqiqədən başlamaq lazımdır və tədricən məşğələnin vaxtını gün ərzində 2-3 saata uzatmaq, əlbəttə ki, fasilələr ilə uşağa "dayan" sözünü öyrətmək lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur, onlar real təhlükəni görməyə bilərlər: maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq. Əgər uşaq "dayan" sözünü bilsə, bu onu travmalardan qoruya bilər. Bunu belə etmək olar: birdən hər hansı bir hərəkəti dayandırıb möhkəm “dayan” demək, tədricən uşaq ondan nə istədiyini başa düşəcək.
Autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Digər uşaqlar ilə ünsiyyətdən qaçmaq lazım deyil, yaxşı olardı ki, belə uşaqlar uşaq bağçasına getsinlər. Uşaq bağçasına gün ərzində 2-3 saatlıq da gedə bilərlər. Uşağı mənasız, stereotip hərəkətlərdən yayındırmaq lazımdır. Uşaq ilə mümkün qədər çox söhbət etmək və yadda saxlamaq lazımdır ki, autist uşağın digər uşaqlardan da daha çox ünsiyyətə ehtiyacı var. İnsanlar bəzən tək qalmaq istəyirlər və autist uşaqlar buna istisna deyil. Uşağa "gizli" guşə yaratmaq lazımdır. Bu belə bir yer olmalıdır ki, uşaq burda öz fikirləri ilə təkbətək qala bilsin və ona heç kim mane olmasın.
Autizmi olan uşaqlar adətən yelləncəyi xoşlayırlar, bu marağı həvəsləndirərək, vestibülyar aparatın inkişafına nail olmaq olar.
Uşağın ev heyvanları ilə ünsiyyətinə ehtiyat ilə yanaşın, çünki autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər. Ev heyvanını evdə saxlamaqdan əvvəl uşağa ev heyvanı- yumşaq oyuncaq hədiyyə etmək olar. 
Uşaqları müxtəlif inkişafetdirici mərkəzlərə aparın. Məhz bu mərkəzlərdə siz uşağınızla necə düzgün işləmək barəsində məlumat əldə edə bilərsiniz.
Uşağınızla onun bütün vəziyyətlərini, narahatlıqlarını birgə yaşayın. Siz uşağınızı onun özündən də yaxşı başa düşməyi öyrənməlisiniz. Uşağınızın etimad və səmimiyyətini qazanmağa çalışın. Müvəffəqiyyət və səhvlərinizi diqqətlə təhlil edin. Hər zaman yeni yanaşmalar tapmağa çalışın.
Tərəfdaş axtarın. Sizə kömək etmək istəyən insanlar hər yerdə var, lakin onları tapıb vəziyyəti başa salmaq lazımdır. Heç bir zaman ümidinizi itirməyin, qalibiyyətinizə inanın. Ən əsası, uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşaq hansısa bir uşaqdan nə pis, nədəki yaxşıdır, o sadəcə fərqlidir. Eləcə də, unutmayın ki, tarixdə iz qoymuş dahi şəxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar.
- Mərkəz olaraq autizmlə bağlı hansı tədbirləri keçiribsiz?
- Biz dövrümüzün aktual problem olan autizm sindromu haqqında insanların bilik və məlumatlarını artırmaq üçün seminar təşkil etmişik. Seminar mərkəzin psixoloqları, eləcə də burada fəaliyyət göstərən Türkiyədən dəvət olunmuş mütəxəssislərimiz tərəfindən aparılıb.
Seminarda autizmin yaranma səbəbləri, autizmli uşaqların diaqnostikası, autizmli uşaqların reabilitasiyası və s. mövzulardan danışılıb. Biz həmçinin autizmlə bağlı iki sosial çarx hazırlayıb yaymışıq. Bu sosial çarxlar maarifləndirici xarakter daşıyır. Məqsədimiz cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir. 

"AUTIZM VƏ INKIŞAF MƏRKƏZI"


 

Fuad Hüseynzadə

 

http://palitranews.az/news.php?id=30442


 

 

 

Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi

Lamiyə Ağa: "Uşaq və gənclərin inkişafında psixi sağlamlıq məsələsi getdikcə aktuallaşır."

 Uşaq və gənclərin psixoloji dəstəyə hər zaman ehtiyacı var. Bu, onların mənəvi inkişafında əhəmiyyətli rol oynayır. "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi də insanlara, eləcə də uşaq və gənclərə bu baxımdan dəstək göstərir. Təşkilatın sədri, psixoloq Lamiyə Ağa qəzetimizə müsahibəsində bu istiqamətdə görülən işlər haqda məlumat verdi. Qeyd edək ki, "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi 2008-ci ildən fəaliyyət göstərir, ancaq rəsmi olaraq 2012-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Bu İB-nin nəzdində PSIXOSOSIAL REABILITASIYA VƏ İNKIŞAF MƏRKƏZI (PRİM) yaradılıb ki, onun da direktoru Lamiyə Ağadır.

- Sizin məqsəd və prinsipləriniz nədən ibarətdir?

- "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin əsas məqsədi Azərbaycan cəmiyyətinin həssas əhali qruplarına - zorakılığa məruz qalmış şəxslərə, qaçqınlara, məcburi köçkünlərə, Qarabağ müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə, yetimlərə, qocalara, şəhid ailələrinə, HIV/AIDS-li şəxslərə, onkoloji xəstələrə, narkotik istifadəçilərinə və onların ailə üzvlərinə, əqli və fiziki çatışmazlığı olan əlillərə və onların ailə üzvlərinə müvafiq yardım göstərmək, əsasən də uşaqların, yeniyetmələrin, gənclərin inkişafına yardım göstərmək, maarifləndirməkdir.

- Uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə dövlət tərəfindən nə dərəcədə diqqət göstərilir?

- Dövlətimiz uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə xüsusi diqqət və qayğı ilə yanaşır. Uşaq və gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. Bu gün dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb və çox uğurludur. Gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə güclü intellektual, vətənpərvər düşüncəyə malik böyük bir gənclər ordusu formalaşıb. Gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən kütləvi dəstəklənir, uşaq və gənclər sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb.

- Hazırda uşaq və yeniyetmələr əsasən hansı psixoloji problemlər yaşayırlar?

- Uşaq və yeniyetmələrin aktual problemlərindən əsəsən ailədaxili konfliktlər, özünə inamsızlıq, həmyaşıdlarla bağlı problem, fobiyalar, hiperaktivlik, aqressiv davranış, şəxsiyyətlərarası münasibətlərdə yaranan problemlər, ünsiyyət çatışmazlığı və s. kimi problemlər daha çox olur. Sosial vərdişlər, valideyn-övlad münasibətləri və s. kimi problemlərlə də əlaqədar valideynlər bizə müraciət edirlər.

- Sizin təşkilat tərəfindən uşaqlar və gənclərin mənəvi inkişafı ilə bağlı hansı layihələr həyata keçirilib?

- "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin fəaliyyəti dövründə biz bir çox aktual layihələr həyata keçirmişik. Hal-hazırda da bizim dövlətimiz və cəmiyyətimiz üçün çox önəmli olan layihələrin üzərində çalışırıq.

Eləcə də, biz uşaq və gənclərimizin inkişafına müsbət təsir göstərən bir çox layihələr həyata keçiririk.

Bunlardan bəziləri haqqında qısa məlumat vermək istəyirəm. 2008-2009-cu illərdə həyata keçirdiyimiz "İlk addım" bizim ilk layihəmiz olub. "İlk addım" layihəsi çərçivəsində müxtəlif həssas əhali qrupları ilə ünsiyyət yaradılıb, onların arasından aktiv könüllülərlə müəyyən qədər iş aparılıb. Bu layihədə əsas məqsəd müxtəlif həssas əhali qruplarından aktiv könüllülər dəstəsi seçmək, onları təlimatlandırmaq, "Bizdən-bizə" prinsipi ilə həmin qruplarda sağlam həyat tərzini geniş təbliğ etmək, riskli davranış nəticəsində sağlamlığı təhlükədə olan şəxslərin vaxtında tibbi müayinəyə getməsinə kömək etmək olub. Eləcə də, sağlam həyat tərzi ilə bağlı məlumat paketi-bukleti, kitabça, yaddaş vərəqi hazırlayıb bu qruplarda əldən-ələ ötürülməsini təşkil etməkdən ibarət olub.

2009-2014-cü illərdə keçirdiyimiz "Sağlam həyat tərzi" layihəsinin əsas məqsədi isə sağlam həyat tərzinin təbliği istiqamətində geniş maarifləndirmə və profilaktika işinin aparılması və həssas əhali qrupları nümayəndələrindən ibarət könüllülərin hazırlanmasından ibarətdir.

"Uşaqlar bizim sabahımızdır" (2009 - 2014) layihəsində isə əsas məqsəd uşaq evlərində məskunlaşmış uşaqlara psixoloji dəstək məqsədi ilə onları mütəmadi olaraq ziyarət etmək, hədiyyələr və konsert proqramları ilə sevindirmək, eləcə də kimsəsiz uşaqlar hadisəsinin hərtərəfli təhlili, onların profilaktikası və aradan qaldırılması istiqamətində tədbirlərin işlənilməsi və bu məqsədlə də onların ümumi, xüsusi və spesifik səbəblərinin öyrənilməsindən ibarətdir.

- "Psixososial reabilitasiya və inkişaf mərkəzi"ni yaratmaqda məqsəd nədir?

- Bizim layihələrdən ən əsası PRİM-in yaradılması olub. Qeyd etmək istəyirəm ki, bu gün uşaqlar və gənclərin inkişafında psixi sağlamlıq məsələsi vacib əhəmiyyət kəsb edir və getdikcə aktuallaşır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bir şüar irəli sürüb: "Psixi sağlamlığı olmayan insan heç vaxt fiziki cəhətdən sağlam ola bilməz".

Məhz psixi sağlamlıq durumunda insan öz daxili potensialını, aktivliyini həyata keçirə bilər. İstər ailədə, istər iş yerində, istərsə də məktəbdə və ya dostları arasında insanın mənəvi, psixi vəziyyəti qorunmalıdır. Uşaqların psixoloji inkişafı, ətrafdakılarla münasibətdə psixoloji durumu, emosional vəziyyəti, əhval ruhiyyəsi, intellektual potensialı hamısı psixi sağlamlıq deməkdir.

Bu gün bizim respublikamızda bir çox insanların və eləcə də uşaqlarımızın da psixoloji yardıma ehtiyacları var. Bizim mərkəzimizdə bütün psixoloji problemlərlə üzləşən insanlara, uşaqlara, gənclərə, yeniyetmələrə, gənc ailələrə , eləcə də təşkilat və şirkətlərə peşəkar psixoloq, psixoterapevt, pedaqoq və sosial işlər üzrə mütəxəssislər tərəfindən yardım göstərir və insanlara düşdükləri çətin situasiyalarda dəstək olmağa çalışırıq.

Mərkəzimizdə fərdi konsultasiyalar, eləcə də mütəmadi olaraq gender problemləri, sağlam həyat tərzi və psixologiyanın ayrı-ayrı sahələri ilə bağlı seminarlar və treninqlər də həyata keçirilir. Bu gün bu layihələrin reallaşması cəmiyyətimizdə bu istiqamətlərdə mövcud olan problemlərin həlli yollarına və mövcud boşluqların aradan qaldırılması istiqamətində müsbət rol oynayır.

- Mərkəzinizdə hansı xidmətlər göstərilir?

- PRİM-də psixoloji müayinələr və psixodiaqnostika, ailə psixoterapiyası, ailədaxili problemlər, boşanma - ayrılıq, komplekslər, özünə inamsızlıq hallarının tənzimlənməsi, stress və distress hallarının aradan qaldırılması və s. məsələlərlə bağlı xidmətlər göstərilir. Eyni zamanda uşaq və yeniyetmələrə psixoloji yardım göstərilir. Burda uşaqlar arasında inkişafetdirici məşğələlər, psixoloji treninqlər, tədris kursları keçirilir. Həmçinin autizmin diaqnostikası, uşaqlarda davranış pozuntularının həlli, hiperaktiv, aqressiv uşaqların psixoloji reabilitasiyası, art-terapiya, uşaqlarda qorxu, ifrat təşvişin və ünsiyyətdə çətinliklərin aradan qaldırılması və s. bu kimi problemlərə baxılır.

- Siz həm də autizm sindromundan əziyyət çəkən uşaqlara yardım edirsiz. Bu istiqamətdə görülən işlər haqda da məlumat vermənizi istərdik...

- Bu gün bizim üçün aktual problemlərdən biri də XXI əsrin ən aktual psixoloji problemi olan autizm sindromlu uşaqların, dünyada olduğu kimi ölkəmizdə də çoxluq təşkil etməsidir. Biz "Autizmə yox deyək" layihəsi çərçivəsində autizm sindromundan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə "AUTIZM - UŞAQ INKIŞAF MƏRKƏZI"NI yaratmışıq. Bu mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onların aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Həmçinin bizim əsas məqsədimiz autizmdən əziyyət çəkən uşaqlarla lazım olan psixokorreksiya işlərinin təşkili və aparılması, onların ailələrinə lazım olan professional psixoloji yardımın göstərilməsi, onlarda yaranmış komplekslərin və problemlərin həlli istiqamətində tədbirləri təşkil etməkdir .

Bizim mərkəzdə autizm sindromundan əziyyət çəkən uşaqların müalicə və reabilitasiyası məqsədi ilə bu gün dünyada özünü doğrultmuş müasir reabilitasiya metodlarından istifadə edilir.

Biz autizmli uşaqların reabilitasiyasında psixoloji və biheviorial müalicə üsullarından, ABA-terapiya, loqopedik məşğələlər, fərdi psixo-korrektiv metodlardan istifadə edərək sensor inteqrasiya və idman məşğələləri vasitəsi ilə aparılan təlimləri tətbiq edirik.

Yeri gəlmişkən, biz hal-hazırda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Autizm məlumatlandırma kampaniyasının təşkili" layihəsini həyata keçiririk. Bu layihənin həyata keçirilməsində əsas səbəb bu gün ölkədə minlərlə autizmli uşaqların olmasına baxmayaraq ictimaiyyətin onlar barədə məlumatsız olmasıdır, autizm sindromlu övladı olan ailələrin reabilitasiyası, düzgün davranış qaydaları barədə kifayət qədər məlumatlı olmaması və bunun nəticəsində autizm sindromlu uşaqların cəmiyyətdən uzaqlaşdırılmasının qarşısını almaqdır.

Layihənin məqsədi autizm haqqında ictimaiyyətin və hədəf qruplarının məlumatlandırılması yolu ilə autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimaiyyətin diqqətinin cəlb edilməsi və mövcud problemlərin aradan qaldırılmasına vasitəçilik etməkdir.

 

Fuad Hüseynzadə

Tarix: 27.08.2014 
   

Авторизация

2019 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.