Azərbaycan diliRussian

Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi

There are no translations available.

Lamiyə Ağa: "Uşaq və gənclərin inkişafında psixi sağlamlıq məsələsi getdikcə aktuallaşır."

 Uşaq və gənclərin psixoloji dəstəyə hər zaman ehtiyacı var. Bu, onların mənəvi inkişafında əhəmiyyətli rol oynayır. "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi də insanlara, eləcə də uşaq və gənclərə bu baxımdan dəstək göstərir. Təşkilatın sədri, psixoloq Lamiyə Ağa qəzetimizə müsahibəsində bu istiqamətdə görülən işlər haqda məlumat verdi. Qeyd edək ki, "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi 2008-ci ildən fəaliyyət göstərir, ancaq rəsmi olaraq 2012-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Bu İB-nin nəzdində PSIXOSOSIAL REABILITASIYA VƏ İNKIŞAF MƏRKƏZI (PRİM) yaradılıb ki, onun da direktoru Lamiyə Ağadır.

- Sizin məqsəd və prinsipləriniz nədən ibarətdir?

- "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin əsas məqsədi Azərbaycan cəmiyyətinin həssas əhali qruplarına - zorakılığa məruz qalmış şəxslərə, qaçqınlara, məcburi köçkünlərə, Qarabağ müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə, yetimlərə, qocalara, şəhid ailələrinə, HIV/AIDS-li şəxslərə, onkoloji xəstələrə, narkotik istifadəçilərinə və onların ailə üzvlərinə, əqli və fiziki çatışmazlığı olan əlillərə və onların ailə üzvlərinə müvafiq yardım göstərmək, əsasən də uşaqların, yeniyetmələrin, gənclərin inkişafına yardım göstərmək, maarifləndirməkdir.

- Uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə dövlət tərəfindən nə dərəcədə diqqət göstərilir?

- Dövlətimiz uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə xüsusi diqqət və qayğı ilə yanaşır. Uşaq və gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. Bu gün dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb və çox uğurludur. Gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə güclü intellektual, vətənpərvər düşüncəyə malik böyük bir gənclər ordusu formalaşıb. Gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən kütləvi dəstəklənir, uşaq və gənclər sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb.

- Hazırda uşaq və yeniyetmələr əsasən hansı psixoloji problemlər yaşayırlar?

- Uşaq və yeniyetmələrin aktual problemlərindən əsəsən ailədaxili konfliktlər, özünə inamsızlıq, həmyaşıdlarla bağlı problem, fobiyalar, hiperaktivlik, aqressiv davranış, şəxsiyyətlərarası münasibətlərdə yaranan problemlər, ünsiyyət çatışmazlığı və s. kimi problemlər daha çox olur. Sosial vərdişlər, valideyn-övlad münasibətləri və s. kimi problemlərlə də əlaqədar valideynlər bizə müraciət edirlər.

- Sizin təşkilat tərəfindən uşaqlar və gənclərin mənəvi inkişafı ilə bağlı hansı layihələr həyata keçirilib?

- "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin fəaliyyəti dövründə biz bir çox aktual layihələr həyata keçirmişik. Hal-hazırda da bizim dövlətimiz və cəmiyyətimiz üçün çox önəmli olan layihələrin üzərində çalışırıq.

Eləcə də, biz uşaq və gənclərimizin inkişafına müsbət təsir göstərən bir çox layihələr həyata keçiririk.

Bunlardan bəziləri haqqında qısa məlumat vermək istəyirəm. 2008-2009-cu illərdə həyata keçirdiyimiz "İlk addım" bizim ilk layihəmiz olub. "İlk addım" layihəsi çərçivəsində müxtəlif həssas əhali qrupları ilə ünsiyyət yaradılıb, onların arasından aktiv könüllülərlə müəyyən qədər iş aparılıb. Bu layihədə əsas məqsəd müxtəlif həssas əhali qruplarından aktiv könüllülər dəstəsi seçmək, onları təlimatlandırmaq, "Bizdən-bizə" prinsipi ilə həmin qruplarda sağlam həyat tərzini geniş təbliğ etmək, riskli davranış nəticəsində sağlamlığı təhlükədə olan şəxslərin vaxtında tibbi müayinəyə getməsinə kömək etmək olub. Eləcə də, sağlam həyat tərzi ilə bağlı məlumat paketi-bukleti, kitabça, yaddaş vərəqi hazırlayıb bu qruplarda əldən-ələ ötürülməsini təşkil etməkdən ibarət olub.

2009-2014-cü illərdə keçirdiyimiz "Sağlam həyat tərzi" layihəsinin əsas məqsədi isə sağlam həyat tərzinin təbliği istiqamətində geniş maarifləndirmə və profilaktika işinin aparılması və həssas əhali qrupları nümayəndələrindən ibarət könüllülərin hazırlanmasından ibarətdir.

"Uşaqlar bizim sabahımızdır" (2009 - 2014) layihəsində isə əsas məqsəd uşaq evlərində məskunlaşmış uşaqlara psixoloji dəstək məqsədi ilə onları mütəmadi olaraq ziyarət etmək, hədiyyələr və konsert proqramları ilə sevindirmək, eləcə də kimsəsiz uşaqlar hadisəsinin hərtərəfli təhlili, onların profilaktikası və aradan qaldırılması istiqamətində tədbirlərin işlənilməsi və bu məqsədlə də onların ümumi, xüsusi və spesifik səbəblərinin öyrənilməsindən ibarətdir.

- "Psixososial reabilitasiya və inkişaf mərkəzi"ni yaratmaqda məqsəd nədir?

- Bizim layihələrdən ən əsası PRİM-in yaradılması olub. Qeyd etmək istəyirəm ki, bu gün uşaqlar və gənclərin inkişafında psixi sağlamlıq məsələsi vacib əhəmiyyət kəsb edir və getdikcə aktuallaşır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bir şüar irəli sürüb: "Psixi sağlamlığı olmayan insan heç vaxt fiziki cəhətdən sağlam ola bilməz".

Məhz psixi sağlamlıq durumunda insan öz daxili potensialını, aktivliyini həyata keçirə bilər. İstər ailədə, istər iş yerində, istərsə də məktəbdə və ya dostları arasında insanın mənəvi, psixi vəziyyəti qorunmalıdır. Uşaqların psixoloji inkişafı, ətrafdakılarla münasibətdə psixoloji durumu, emosional vəziyyəti, əhval ruhiyyəsi, intellektual potensialı hamısı psixi sağlamlıq deməkdir.

Bu gün bizim respublikamızda bir çox insanların və eləcə də uşaqlarımızın da psixoloji yardıma ehtiyacları var. Bizim mərkəzimizdə bütün psixoloji problemlərlə üzləşən insanlara, uşaqlara, gənclərə, yeniyetmələrə, gənc ailələrə , eləcə də təşkilat və şirkətlərə peşəkar psixoloq, psixoterapevt, pedaqoq və sosial işlər üzrə mütəxəssislər tərəfindən yardım göstərir və insanlara düşdükləri çətin situasiyalarda dəstək olmağa çalışırıq.

Mərkəzimizdə fərdi konsultasiyalar, eləcə də mütəmadi olaraq gender problemləri, sağlam həyat tərzi və psixologiyanın ayrı-ayrı sahələri ilə bağlı seminarlar və treninqlər də həyata keçirilir. Bu gün bu layihələrin reallaşması cəmiyyətimizdə bu istiqamətlərdə mövcud olan problemlərin həlli yollarına və mövcud boşluqların aradan qaldırılması istiqamətində müsbət rol oynayır.

- Mərkəzinizdə hansı xidmətlər göstərilir?

- PRİM-də psixoloji müayinələr və psixodiaqnostika, ailə psixoterapiyası, ailədaxili problemlər, boşanma - ayrılıq, komplekslər, özünə inamsızlıq hallarının tənzimlənməsi, stress və distress hallarının aradan qaldırılması və s. məsələlərlə bağlı xidmətlər göstərilir. Eyni zamanda uşaq və yeniyetmələrə psixoloji yardım göstərilir. Burda uşaqlar arasında inkişafetdirici məşğələlər, psixoloji treninqlər, tədris kursları keçirilir. Həmçinin autizmin diaqnostikası, uşaqlarda davranış pozuntularının həlli, hiperaktiv, aqressiv uşaqların psixoloji reabilitasiyası, art-terapiya, uşaqlarda qorxu, ifrat təşvişin və ünsiyyətdə çətinliklərin aradan qaldırılması və s. bu kimi problemlərə baxılır.

- Siz həm də autizm sindromundan əziyyət çəkən uşaqlara yardım edirsiz. Bu istiqamətdə görülən işlər haqda da məlumat vermənizi istərdik...

- Bu gün bizim üçün aktual problemlərdən biri də XXI əsrin ən aktual psixoloji problemi olan autizm sindromlu uşaqların, dünyada olduğu kimi ölkəmizdə də çoxluq təşkil etməsidir. Biz "Autizmə yox deyək" layihəsi çərçivəsində autizm sindromundan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə "AUTIZM - UŞAQ INKIŞAF MƏRKƏZI"NI yaratmışıq. Bu mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onların aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Həmçinin bizim əsas məqsədimiz autizmdən əziyyət çəkən uşaqlarla lazım olan psixokorreksiya işlərinin təşkili və aparılması, onların ailələrinə lazım olan professional psixoloji yardımın göstərilməsi, onlarda yaranmış komplekslərin və problemlərin həlli istiqamətində tədbirləri təşkil etməkdir .

Bizim mərkəzdə autizm sindromundan əziyyət çəkən uşaqların müalicə və reabilitasiyası məqsədi ilə bu gün dünyada özünü doğrultmuş müasir reabilitasiya metodlarından istifadə edilir.

Biz autizmli uşaqların reabilitasiyasında psixoloji və biheviorial müalicə üsullarından, ABA-terapiya, loqopedik məşğələlər, fərdi psixo-korrektiv metodlardan istifadə edərək sensor inteqrasiya və idman məşğələləri vasitəsi ilə aparılan təlimləri tətbiq edirik.

Yeri gəlmişkən, biz hal-hazırda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Autizm məlumatlandırma kampaniyasının təşkili" layihəsini həyata keçiririk. Bu layihənin həyata keçirilməsində əsas səbəb bu gün ölkədə minlərlə autizmli uşaqların olmasına baxmayaraq ictimaiyyətin onlar barədə məlumatsız olmasıdır, autizm sindromlu övladı olan ailələrin reabilitasiyası, düzgün davranış qaydaları barədə kifayət qədər məlumatlı olmaması və bunun nəticəsində autizm sindromlu uşaqların cəmiyyətdən uzaqlaşdırılmasının qarşısını almaqdır.

Layihənin məqsədi autizm haqqında ictimaiyyətin və hədəf qruplarının məlumatlandırılması yolu ilə autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimaiyyətin diqqətinin cəlb edilməsi və mövcud problemlərin aradan qaldırılmasına vasitəçilik etməkdir.

 

Fuad Hüseynzadə

Tarix: 27.08.2014 

http://palitranews.az/news.php?id=26345

Добавить комментарий


Защитный код
Обновить

Авторизация

2024 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.